пятница, 27 марта 2015 г.

Məktəbəqədər dövr şəxsiyyətin formalaşması üçün bünövrədir


Rəhimova Səbinə,
Delfin uşaq bağçası
Təhsil sistemində inkişafın  müasir tendensiyası, cəmiyyətin tələbinə uyğun  onun  məzmununun, prinsiplərinin, metodların  yenilənməsi ilə əlaqədardır. Dünyada baş verən dəyişikliklərə gələcək nəslin hazırlanması, qarşıya çıxan problemləri həll etmək iqtidarında olan gələcək nəsl yetişdirilməsi üçün sistemli şəkildə inkişafın tənzimlənməsi tələbi bizim qarşımızda durur. Bu qeyri stabil dövrdə insanların mənəvi - psixoloji problemlərinin artması birbaşa ümumi inkişafa təsir edir. Uşaqların mənəvi-psixoloji durumunu mənfi təsirlərdən qoruya bilmək vacib məsələ kimi gündəmdədir. Burada təhsil müəssisələrinin üzərinə  böyük məsuliyyət düşür. Çünki uşaqların harmonik inkişafı, şəxsiyyət kimi formalaşması, valideynlərin maarifləndirilməsi prosesinin aparıcı qüvvəsi məhz təhsil işçiləridir. Dünyada baş verən amansızlıqlar, millətlər arası münaqişələr və s. prosesləri həyata keçirən insanlardır. O insanları isə tərbiyələndirən, təhsil verən təhsil işçiləridir. Görün təhsil işçiləri nə ağırlıqda yük daşıyır.
Nələr edə bilər təhsil işçisi? O düzgün tərbiyə etdiyi, təhsil verdiyi minlərlə uşaqların, maarifləndirdiyi valideynlərin köməyi ilə dünyanı amansızlıqlardan, münaqişələrdən, pisliklərdən xilas edə bilər. Bəli xilaskar müəllim! Biz müəllimlər şəxsiyyətin formalaşması prosesini düzgün təşkil etməliyik. Məktəbəqədər təhsil təhsilin ilkin pilləsi, bünövrəsi olduğu üçün bu sahədə çalışan pedaqoji işçilər bu mərhələnin məsuliyyətini daşıyır. Gözəl mühazirəçi, elm fədaisi və istedadlı yazıçı C. Brunonun “Köynəyin ilk düyməsi səhv düymələnərsə, digərləri də səhv gedər” kəlamını buna misal çəkim. Bu həqiqətən belədir. Məktəbəqədər dövrdə uşaqların fiziki, psixi, emosional, intellektual inkişafının, ümumiyyətlə şəxsiyyətin hazırlanması prosesinin təməli qoyulur.Yəni bu gün təhsil işçilərinin sərf etdiyi qüvvə, enerji hər bir halda öz bəhrəsini verir. Belə ki, bu gün düzgün inkişafına nail olduğumuz uşaqlar (təlimalanlar) illərdən sonra dövlət quruculuğunda, mühüm problemlərin həllinə təsir edən şəxslər olacaq və bu problemə bizim nümunəmiz əsasında onun tərbiyəsində, təhsilində kök salan dəyərlər prizmasından yanaşacaq. Əgər biz düzgün və peşəkarcasına bu işə yanaşmışıqsa gələcəkdə bu gün rastlaşdığımız, gileyləndiyimiz mənfilərin sayının azalmasına nail olmuş olacağıq.
Məktəbəqədər təhsil müəssisələrınin qarşısında məktəbəqədər yaşlı uşaqların inkişafı ilə əlaqədar aşağədakı vəzifələr durur:
1.      Fiziki, psixi, emosional, sosial və intellektual potensialının inkişafı üçün şərait yaratmaq. Sağlam ruhlu azad şəxsiyyət  yetişdirmək.
2.      Mədəni insan tərbiyə etmək. Uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək.
3.      Uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etmək. İntellektual, yaradıcı şəxs formalaşdırmaq.
Bu məqsədə çatmaq üçün  uşağın əsas fəaliyyətlərində özünüdərk,  özünü kəşf etmək bacarıqlarını tərbiyə etmək  lazımdır. Öz nailiyyətlərini dərk edib, intelektual səviyyəsini, ümumi inkişaf tempini  yüksəltmək üçün öz  üzərində işləmək vərdişlərini aşılamaq  vacıb prosesdir. Dünyanı bütöv şəkildə görə bilən, milli və bəşəri  dəyərlərlə hesablaşan şəxs tərbiyə etmək üçün özümüz bir nümunə olmalıyıq. Ətrafı maarifləndirməliyik. Məqsədimizə çatmaq  üçün əlverişli mühit təşkil etmək əsas vəzifələrimizdən biridir. Məktəbəqədər təhsil - uşaqların intellektual, fiziki, psixoloji və sosial inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bütün  bunların reallaşması üçün baza olmalıdır. Maddi-texniki və  kadr hazırlığı  baxımından tam keyfiyyətli nəticələr əldə etmək hələ çətindir. Lakin Təhsil islahatları bu sahədə böyük dönüş yaratdı. Məktəbəqədər təhsildə yeni kurikulum proqramı işləndi və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli, 1329 nömrəli əmri ilə təsdiq edildi. Bu proqramda sadədən mürəkkəbə, uşaqyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük, inteqrativlik, hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması, millilik və dünyəviliyin nəzərə alınması, uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi  prinsiplərini əsas tutaraq təlim nəticələrini reallaşdırmaq  məqsədi ilə  təhsil işçisi üçün forma, üsul, təlimin təşkilinə qoyulan tələblər aydın göstərilmişdir. İnkişafın izlənilməsi üçün qiymətləndirmə sistemi  təqdim edilmişdir.
           İşimizin göstəricisi uşağın qazandığı bilik bacarığını ifadəsidir. Əgər biz müşahidə edərək görürüksə ki, uşaq biliyi əsasında ayırd edir, təqdim edir, təsvir edir, tapır, aşkarlayır, sadalayır , adlandırrır, xatırlayır, göstərir demək o bilir. Lakin bildiyini dərk edibsə  o həm də müqayisə edir, fərqləndirir, ümumiləşdiririr, nümayış etdirir, müzakirə etməyi bacarır, izah edir, illüstasiya yaradır, əvvəlcədən təxmin edə bilir,qruplaşdırır, əlaqələndirir, idealar irəli sürür və s.  Çox vacib olan mərhələ uşaq dərk etdiyini tədbiq edə bilməsidir yəni  bacarığa çevirməsi. Dərk etdiyini tədqiqat apararaq - dəyişdirir, yenidən qurur, yaradır, komanda seçir, təyin edir, müsahibəni səhnələşdirir, seçim edə bilir, rollu oyunlarda sərbəst fəallıq edir, ideaları həyata keçirtmək üçün üsullar axtarır, mövcud biliyi ilə yeni bilik bacarıqlarını işə salıb nəticə üçün çalışır. Qazandığı nailiyyətləri, fəaliyyətini analiz edərək baş verilənləri xarakterizə edir, nəticəni müqayisə edir, ziddiyyət yaradır, debat ,nəticə çıxarır, fərqləndirir, xüsusiləşdirir, ümumiləşdirir. Əlbətdə ki sonda özünü, yoldaşlarını qiymətləndirir. Bu halda biz nəticə əldə etmiş oluruq.  

Məktəbəqədər təhsil müəssisələri digər maraqlı tərəflərlə əməkdaşlıq edərək bir çox məsələlərin həllini tapa bilər. Digər təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri, məktəblər, ali məktəblər, dərnəklər və s.), valideynlərlə, səhiyyə müəssisələri və s. müəssisə və təşkilatlarla  əməkdaşlıq etməlidir. Onları pedaqoji şuralara, digər tədbirlərə cəlb etməklə nailiyyətlər əldə edə bilər.

Düşünürəm ki, hər insan xalqa təsir edən subyektdir. Yəni onun mənəviyyatında baş verən, ümumilikdə xalqın mənəviyyatında baş verən kimidir. Uşaqlıq dövründə olurdu ki, bizi dinləməmiş cəzalandırırdılar və üzr istədirdilər. Şəxsən mənim böyük ehtiyacım olurdu ki, məni dinləsinlər və mənim haqlı olduğumu görsünlər. Bəlkə də buna vaxt itirmək istəmirdilər həmdə ki, vəziyyəti idarəetmələrinə ziyan olacağından qorxurdular – onlara belə daha rahat idi. Mənə isə haqlı ola ola üzr istəməyim çox üzücü idi. Bu gün isə təhsil işçisi olaraq  düşünürəm ki, belə iş üsulları öncə fərd olaraq təlim alana, ümumiyyətdə isə xalqa zərbədir. Sonra yaşlı nəsil gileylənir ki, xalqımızın mənəviyyatı ölür. Düşünürəm ki, nə olursa olsun fərdin- uşağın mənəviyyatına, xarakterinə təsir edən hər andan istifadə edib, xalqımızı necə görmək istəyiriksə o istiqamətə yönəltməyi vacib bilməliyik. Biz müvəqqətiyik. Bu gün varıq sabah yox. Lakin xalqımız, millətimiz həmişə var və olacaq. Hərtərəfli saf, güclü olması naminə çalışmalıyıq! Humanist olmalıyıq. Xırda maraqlarımızı qurban verməyi bacarmalıyıq. Xalqımızın hər nümayəndəsinin hətta, kiçik olsa belə aşağılanan heç bir addıma yol verməməliyik. Hər fərdə onlarla insana təsir edən qüvvə kimi baxmalıyıq. İnsani dəyərləri qorumaq naminə əziyyət çəkməliyik.